Bələdiyyələrin iyirmi ikinci ili hansı hadisələrlə yadda qaldı?

  • 5 yanvar, 11:47
  • 0000, 00:00

Bələdiyyələrin iyirmi ikinci ili hansı hadisələrlə yadda qaldı?

Vüqar Tofiqli

2021-ci ilə qısa bir nəzər yetirmiş olsaq diqqətimizi çəkən bəzi məqamlara toxunmaya bilmirəm.

  • Ötən il ərzində ölkə başçısının qəbul etdiyi bəzi hüquqi sənədlərin “abu havası” regional idarəetməyə keçid məsələsini dəfələrlə gündəmə gətirmiş oldu. Bununla da regional idarəetməyə keçid məsələsi istər-istəməz bələdiyyələrin fəaliyyətini də gündəmə gəlməsinə bir növ şərait yaratmış oldu. Düşünürük ki, gec-tez bu sistemə keçid olacaq. Yerli icra strukturlarına aid səlahiyyətin bələdiyyələrlə verilməsi həm vətəndaşın üzərində məsuliyyət yükünün qoyulması kimi, həm də nəticə etibaryilə problemlərin həllinin sürətləndirilməsi kimi başa düşülməlidir. Bu gün yerli icra strukturlarının saxlanılmasına çəkilən xərc israfçılıqdan başqa bir şey deyil. Sözsüz ki, faktiki olaraq mövcud olan bələdiyyələrin və hətta milli bələdiyyə assosiasiyaların birləşdirilmə məsələsi gündəmə gətirilməklə, habelə qanunvericilikdəki boşluqlar aradan qaldırmaq şərtiylə, müəyyən mənada Azərbaycan bələdiyyə sistemi yerli idarəetməni həyata keçirməyə müəyyən mənada hazırdır, desəm, yəqin ki yanılmaram.
  • Ötən il ərazində bir çox bələdiyyələr DSMF borcunu tam silmiş, bəziləri qismən silməyə nail olsalarda il ərzində borcun ümumi həcmi artmış oldu. Dövlət Vergi Xidməti (DVX) orqanının bununla bağlı konkret təkliflər paketinin olmaması, habelə DVX-nin yalnız bələdiyyə sədrlərinin ölkədən çıxışına qadaga qoymaqla işini bitmiş hesab etməsi təəssüf doğurur. Əslində qurum bələdiyyə sədrlərinin iştirakıyla seminarlar və maarifləndirici görüşləri təşkil etməklə gələcəkdə borcun yaranmaması və artmaması üçün təklif və metodik tövsiylələri vermiş olsaydı daha səmərəli olardı. 12 noyabr tarixində DVX-ya ünvanladığımız məktubun bu günədək cavablandırılmaması, bu qurumun konkret olaraq məsələ ilə bağlı təkliflər paketinin olmamasından xəbər verir. Ancaq gəlin ümidimizi itirməyək. 2022-ci ilin DVX-bələdiyyə münasibətlərində dönüş ili olacağına şübhəm yoxdur. Ümid edirəm ki, DVX, qanunun da tələb etdiyi kimi, məhkəmə qaydasında haqlı olaraq bələdiyyə sədrlərinin ölkədən çıxşına qadağa qoyduğu kimi, bələdiyyələrə həm də metodik tövsiyələri verməyi də unutmayacaqdır.
  • Ötən il ərzində mərkəzi icra orqanları sırasında Adminstrasiyanın müvafiq sektoruyla yanaşı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, regional ədliyyə idarələri, habelə Ekologiya və Təbii sərvətlər nazirliyi bələdiyyələrə “canı dildən” kömək göstərmələriylə diqqətimizi çəkdi. Bələdiyyələrlə iş mərkəzinin təkidli və sistemli addımları nəticəsində il ərzində bələdiyyələrin büdcəsinə əlavə olaraq 4 milyon manatdan artıq vəsait daxil oldu. Ən maraqlısı odur ki, bu vəsaitin böyük bir hissəsi torpaq satışından deyil, məhz əmlak vergisindəki artımla bağlı olub. Deməliyəm ki, mərkəzin indiki rəhbərliyi bu gün qurumla bələdiyyələr arasında əvvəlki illərdə yaranmış soyuqluğu aradan qaldıra bilmişdir. Ekologiya və Təbii sərvətlər nazirliyi isə bələdiyyələri tanımaq istəyən ikinci mərkəzi icra orqanıdır. Ötən il edilən müraciətimizə nazirlik rəsmiləri tərəfindən dərhal reaksiya verilməsi sayəsində bələdiyyə sədrlərinin iştirakıyla görüşlərin təşkili təqdirəlayiq hesab edilməlidir. Ehtimal edirəm ki, cari ildə də belə görüşlər davamlı şəkildə bundan sonra da təşkil ediləcəkdir. Beləliklə, bu iki qurumu 2021-ci il üçün “bələdiyyələrin dostu” hesab etmək olar.
  • Ötən ilin sonlarında mədən vergisinin istiqamətinin dəyişdirilərək dövlət büdcəsinə yönəldilməsi yerli büdcəyə ən azı bir milyon manata başa gələcək. Milli Məclisdə müzakirələrə Regional məsələlər komitəsinin bəzi üzvlərinin reallığı əks etdirməyən fikirlərlə çıxış etmələri də təəssüf doğurdu. Əslində bu məqamla bağlı əvvəl söylədiyimiz fikirləri təkrar edərək bildirmək istərdim ki, əslində bu vaxtında atılmış addımdır. Çünki əksəriyyəti yerli məmurlara məxsus olduğu ehtimal edilən daş karxanalarının sahibləri bələdiyyələrə vergi ödəməkdən hər zaman yayınsalarda bələdiyyələr il ərzində bir milyon manatdan artıq vergi toplaya bilirdi. Sadəcə Regional məsələlər komitəsinin üzvləri gələcəkdə yığılacaq verginin müəyyən bir hissəsinin həmin ərazinin bələdiyyəsinə köçürülməsi təklifiylə çıxış etməliydilər. Amma təəssüf edirəm ki, etmədilər. Nə isə...
  • Ötən il ərzində bələdiyyələrə müəyyən mənada ən çox problem yaradan orqan qismində yenə də Əmlak məsələləri Dövlət Xidməti çıxış etmiş oldu. Bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsindəki bürokratk prosesin uzanması, xəritələrin təqdim edilməməsi, mövcud mülkiyyət sənədlərinin hazırlanmasındakı süni əngəllərin yaradılması, vətəndaşın qarşısında məhz bələdiyyələri günahkar çıxarılması indiki məqamda həm təəssüf, həmdə təəccüb doğurur. Qəbul edilmiş Fərman və sərəncamların iyirmi iki il ərzində yerinə yetirilməməsi bələdiyyələrin gündəlik fəaliyyətinə ciddi təsir etməsini də unutmaq olmaz. Qurumun bir çox regional idarələrində vətəndaş və bələdiyyələrin müraciətilərinə etinasız yanaşılması, göndərilən məktublara aylarla cavab verilməməsi əslində dövlət siyasətinin əleyhinə atılan addım kimi qiymətləndirilməlidir. Yəqin ki bu yazını oxuduqdan sonra nəticə çıxarılacaq və Əmlak məslələri Dövlət Xidmətiylə bələdiyyələr arasında yaşanan narazılığın böyüməsinə imkan verilməyəcəkdir.
  • Ötən il ərzində yerli icra strukturlarının bələdiyyələrin fəaliyyətinə bu və ya digər formada müdaxiləsi hiss edilsə də, bunun açıq şəkildə baş verməməsi müsbət hal kimi dəyərləndərmək olar. Ancaq ötən ildə RİH-in bələdiyyələrin həyata keçirdikləri layihələri öz adların çıxması adi hala cevrilməsi də diqqətimizdən yayınmadı.
  • Ötən il ərzində Bakının Nəsimi, Əhmədli, Xocasən, Biləcəri, Qobustan bələdiyyələrində mövcud narazılıqların davam etməsiylə yadda qaldı. İki il ərzində adıçəkilən bələdiyyələrin konkret olaraq ortaya bir layihə qoymaması, hesabatlılığın təmin edilməməsi tək bizi yox, həm də seçiciləri narahat etmiş oldu. Necə olur ki, paytaxtın bir bələdiyyəsi ortaya ciddi layihələr qoyur, amma rayonun digər bir bələdiyyəsi olan Əhmədli bələdiyyəsinin həm DSMF-yə, həm də əməkhaqqına borcu artır. Xırdalan, Masazır, Fatmayı və Göradil bələdiyyələri əvvəlki illərdə formalaşmış neqativı aradan qaldıraraq bu gün nümunəvi bələdiyyələr sırasına çıxdıqları halda, Abşeron rayonun Hökməli və Aşağı Güzdək bələdiyyələrində bəzi hallarda vətəndaş müraciətlərinə reaksiya verilməməsi təəssüf doğurur. Qəbələ bələdiyyəsinə göndərilən məktuba regional ədliyyə idarəsinin dəstəyi ilə cavabın alınması, Şabran, Kürdəmir və Neftçala bələdiyyələrin də qeyri-adi idarəetmə üsulunun mövcudluğu sədrlərə qarşı “etmadsızlığ”ın yarada biləcəyindən xəbər verir. Sözsüz ki, bu məqamların olmasında biz seçicilərin də üzərinə ciddi məsuliyyət yükü düşür. Yəni biz kimə səs verdiyimizi bilməliydik. Nə isə...
  • Beləliklə, biz qısa şəkildə olsa da ötən ilə nəzər yetirə bildik. Unutmayaq ki, bizim Bakıda, Gəncədə və digər şəhər, qəsəbə və kəndlərimizdə saysız-hesabsız nümunəvi bələdiyyələrimiz var. Açığı, saydıqca qurtarası deyil. Bu gün fərqli layihələri təqdim edən, cəmiyyətdə və seçicilərin arasında nüfuz sahib olan bələdiyyələrimiz və sədrlərimiz kifayət qədərdir. Məhz bizdə öz növbəmizdə bu sədrlərin, üzvlərin və qulluqçuların gördüyü işlərə, həyata keçirdikləri layihələrə istinad edib yerli idarəetmənin tam şəkildə bələdiyyələrə veriləcəyinə ümid edirik.

Nəticə olaraq inanıram ki, bələdiyyələrimiz 2022-ci ildə daha böyük uğurlara imza atmaqla onlara göstərilən ümidləri doğruldacaqlar.

Mənbə

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.