Bura Neftçala rayonunun Mirqurbanlı kəndinin T.
İsmayılov adına tam orta məktəbidir.
Belediyye.net kənd sakinlərinin şikayəti əsasında məktəbi
kənardan götüntüyə alıb. Ona görə kənardan ki, məktəbin direktoru hətta müəllimlərə də, məktəbin içindəki
rütubəti, göyərib kif bağlamış divarları, divarların artıq çoxdan uçub tökülmüş
suvağını çəkib paylaşmağı qadağan edib.
Yağış, qar yağanda məktəbin içində, böyük foye
və dəhlizlərdə gölməçələr yaranır. Bu səbəbdən qapısı kilidlənən qəzalı
siniflərin sayı artır.
Məktəbin akt zalında pəncərə şüşəsi görmək
mümkün deyil. Məşq zalı kimi istifadə edilən zalın pəncərələri taxta ilə
qapadılıb.
Təmirsiz olmasından əlavə məktəbin nə normal
elektrik sistemi, nə də istilik sistemi var.
Şikayətçilər deyir ki, Mirqurbanlı məktəbində məktəb
sözü ancaq kağız üzərində qalıb.
Vaxtilə adlı-sanlı məzunlarının olduğu Mirqurbanlı
məktəbində 500 şagirdin təhsil aldığı deyilir.
“İctimai xadimlərindən tutmuş, adlı-sanlı adamları, rəssamına,
aktyoruna qədər məzun yetişdirmiş bu məktəbin indi şagird sayı 180-ni keçmir. Əksəriyyət
uşaqlarını taksi ilə başqa kəndlərə, yaxud rayon mərkəzindəki məktəblərə göndərir.
Soruşanda da, məktəb qəzalı vəziyyətdədir, uçub-tökülür, məktəbdə dərs keçən
yoxdur, deyirlər”, sakinlərdən biri bildirir.
Mirqurbanlı məktəbində olan bu acınacaqlı vəziyyət ilə
heç bir qurumun maraqlanmadığı deyilir.
Belediyye.net
Copyright 2022 BELEDIYYE.NET.