Neftçala
rayon Xolqaraqaşlı kənd sakinləri keçmiş bələdiyyə sədri Əlibala Səlimovun
otlaq sahələrini qanunsuz olaraq icarəyə verdiyini, rüşvət müqabilində
satdığını deyirlər.
Keçmiş sədr
bununla da kifayətlənməyib bələdiyyə torpaqlarını hərraca çıxarmadan öz
dostuna, tanışına, qohumuna, hətta öz oğlu Özal Səlimova uzunmüddətli icarəyə
verib. Kənd sakinlərinin Belediyye.net saytına göndərdikləri sənədlərin
görüntüsündən belə məlum olur ki, Əlibala Səlimov Xolqaraqaşlı Bələdiyyəsinə
məxsus olan torpağın 27 hektarını 49 il müddətinə oğlu Özal Səlimova icarəyə
verib.
Qanunla
aşkarlıq şəraitində, hərrac keçirilərək icarəyə verilməli olan torpaq sahəsi kənd
sakinlərinin iştirakı olmadan sənədləşdirilib. Halbuki, Azərbaycan
qanunvericiliyinə görə Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları
barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq
şəraitində bağlanılmalıdır.
Qeyd edək
ki, torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi
qaydaları var.
Torpaq
sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların
istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası
vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin
mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi
barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə,
mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun
olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul
edilir.
Bu zaman
ortaya belə bir fakt çıxır. Kənd camaatından xəlvət keçirilən sənədləşdirmə
prosesinə İcra Hakimiyyəti orqanları rəy verib. Məlum olur ki, Əlibala
Səlimovun dövlət əmlakının saxta yolla sənədləşdirilməsinə maraqlı olan İcra
Hakimiyyəti orqanı, yaxud əməkdaşları var.
Xolqaraqaşlı
kəndinin sakinləri bildirilər ki, üz tutmadıqları qurum, kömək istəmədikləri
qapı qalmayıb. Lakin buna baxmayaraq biriləri Əlibala Səlimovu himayə edir.
Onlar bir
hektar torpaq icarəyə götürə bilmədikləri halda Özal Əlibala oğlu Səlimov 27
hektarı uzunmüddətli icarəyə götürüb.
Qeyri-qanuni
yolla, hərrac keçirilmədən, saxta sənədləşdirmə yolu ilə...
Xolqaraqaşlılar
Əlibala Səlimovun qanunsuz əməli ilə ilk dəfə üz-üzə qalmadıqlarını
deyirlər. Bundan öncə üç dəfə oğluna torpaq icarəyə verib. Birinci dəfə 9
ha, ikinci dəfə 16,7 ha, indi isə 27, 89 ha torpaq sahəsi qeyri-aşkarlıq
şəraitində, hərrac keçirilmədən Özal Səlimovun adına sənədləşdirilib.
Kənd
sakinləri haqları tapdandığını, saxta sənədləşdirmə prosesinin cinayət əməli
olduğunu hesab edir, bu prosesdə iştirak edənlərin cəzalanmasını, haqları olan
torpaq sahələrinin özlərinə qaytarılmasını tələb edirlər.
Xolqaraqaşlı
sakinləri məsələni ictmailəşdirməklə haqqın yerini tapacağına ümid edirlər.
Belediyye.net
Copyright 2022 BELEDIYYE.NET.