Torpaq vergisinin hesablanmasına dair misallar

  • 1 fevral, 10:58
  • 0000, 00:00

Torpaq vergisinin hesablanmasına dair misallar

Misal 1. Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 ha əkin sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 №– li qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Kürdəmir rayonuna daxil olan Aran-Şirvan kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir.

Bu halda fiziki şəxsin 2,5 ha torpaq sahəsinə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat  x 2,5 ha)  torpaq vergisi hesablanır.

Misal 2. Hacıqabul rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürmüşdür. Muğan-Salyan kadastr qiymət rayonu üzrə Hacıqabulun düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir.

Bu halda fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat (1 ha otlaq sahəsinin şərti balı 9,8 x 0,06 manat  x 50 ha) torpaq vergisi hesablanır.

Misal 3. Goranboy rayonunun tabeliyində olan Dəliməmmədli şəhərində fiziki şəxs 200 kv.metr torpaq sahəsini ticarət-məişət xidmətlərinin göstərilməsi üçün istifadəyə götürmüşdür. Fiziki şəxsə bu sahəyə görə 4 manat (200 kv.metr x 2 manat/100 kv.metr) torpaq vergisi hesablanır.

Misal 4. Bakı şəhərində kommersiya məqsədi üçün istifadə olunan bina 5 fiziki şəxsə məxsusdur. Binanın altında olan torpaq sahəsi 500 kv.metrdir. İki fiziki şəxsin  hər birinə 120 kv.metr, 3-cü şəxsə 100 kv.metr, 4-cü və 5-ci şəxslərin hər birinə 80 kv.metr tikili sahəsi düşür. Birinci 2 nəfərin hər birinin binanın ümumi sahəsindəki payı 24 % (120:500 x100), 3-cü şəxsin payı 20 % (100:500 x100), 4-cü və 5-ci şəxslərin hər birinin payı isə 16 % (80:500 x100) təşkil edir.

Bu halda, binanın altında olan torpaq sahəsinə hesablanmış 50 manat (500 kv.metr x 10 manat/100 kv.metr) torpaq vergisi tikilidəki paylara mütənasib olaraq  birinci 2 nəfərin hər biri üçün 12 manat (50 manat x 24%), 3-cü şəxs üçün 10 manat (50 manat x 20%), 4-cü və 5-ci şəxslərin hər biri üçün 8 manat (50 manat x 16%) məbləğində hesablanır.

Misal 5. Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10500 kv.metr bağ sahəsi vardır. Bağ sahəsinin 10000 kv.metrdən artıq olduğu nəzərə alınaraq torpaq    vergisinin illik məbləği aşağıdakı kimi hesablanır:

torpaq sahəsinin 10000 kv.metri üçün 60 manat (10000 x 0,6/100);

torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 6 manat ((10500 - 10000) x 1,2/100);

cəmi: 66 manat (60 + 6).

3.9. Fiziki şəxslərin torpaq vergisi üzrə güzəşt və azadolmalar.

3.9.1. Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən bu Məcəllənin 102.2-ci  maddəsində göstərilən aşağıdakı şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:

- Azərbaycan Respublikasının Milli Qəhrəmanları;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;

- müharibə əlilləri;

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;

- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər (müharibə veteranı adı almış şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən və həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi formada “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilmiş şəxslər aiddir);

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

3.9.2. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Torpaq  vergisi üzrə güzəştlərin verilməsinə dair misallar:

Misal 6. Güzəşt hüququna malik müharibə əlilinin mülkiyyətində Gəncə şəhərində 500 kv.metr həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 600 kv.metr bağ sahəsi vardır. Bu halda, 10 manat məbləğində güzəşt hüququ müharibə əlilinin mülkiyyətində olan torpağa verildiyinə görə 500 kv.metr həyətyanı sahəyə görə hesablanmış 2,5 manat (500 kv.metr x 0,5 manat/100 kv.metr) torpaq vergisi ödənilmir, lakin istifadədə olan 600 kv.metr torpaq sahəsinə hesablanmış 3 manat (600 kv.metr x 0,5 manat/100 kv.metr) vergi ödənilir.

Misal 7. Xırdalan şəhərində yerləşən iki mərtəbəli binanın altında yerləşən və ona xidmət üçün ayrılmış torpağın ümumi sahəsi 600 kv.metrdir. Həmin binanın birinci mərtəbəsi müharibə əlilinə, ikinci mərtəbəsi Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan fiziki şəxsə məxsusdur. Hər bir mərtəbənin sahəsi 200 kv.metrə bərabərdir. Müharibə əlili binanın ona məxsus olan hissəsindən iaşə xidmətinin göstərilməsi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı isə ticarət fəaliyyəti üçün istifadə edir. Bu halda, 600 kv.metr sahəyə görə 48 manat (600 kv.metr x 8 manat/100) torpaq vergisi hər iki fiziki şəxs arasında bərabər məbləğlərdə (48 manat/2 = 24 manat) bölüşdürülür (tikilinin onlara məxsus hissələrinin sahəsi bərabər olduğuna görə) və onların hər birinə 10 manat məbləğində güzəşt hüququ nəzərə alınmaqla 14 manat (24 manat – 10 manat) vergi hesablanır. 

Misal 8. Müharibə veteranı adı almış şəxsin mülkiyyətində Xaçmaz rayonunun düzən torpaqlarında II keyfiyyət qrupu üzrə 2,4 ha kənd təsərrüfatı təyinatlı və yaşayış fondu da daxil olmaqla 950 kv.metr həyətyanı torpaq sahəsi vardır. Bu halda kənd təsərrüfatı təyinatlı 2,4 ha torpaq sahəsinə 12,82 manat (II qrup üzrə 1 ha düşən torpağın şərti balı 89 x 0,06 manat x 2,4 ha), həyətyanı 950 kv.metr sahəyə 0,95 manat (950 kv.metr x 0,1 manat/100 kv.metr), cəmi - 13,77 manat (12,82 + 0,95) torpaq vergisi hesablanılır. Güzəşt hüququna malik olduğu üçün fiziki şəxsin 13,77 manat hesablanmış vergisi 10 manat məbləğində azaldılır və qalan 3,77 manat (13,77 - 10 ) vergi məbləği ödənilir. 


Belediyye.net

Sorğu

Copyright 2022 BELEDIYYE.NET.