Şirvanda yol problemi: “Pulun yarısını yeyəndə, yarısını xalqa xərcləsinlər”

  • 4 aprel, 07:53
  • 0000, 00:00

Şirvanda yol problemi: “Pulun yarısını yeyəndə, yarısını xalqa xərcləsinlər”

“Bu yollara maşın davam gətirmir”

“Qəsəbəyə gələn və qəsəbədaxili yollar bərbad vəziyyətdədir. İllərdir ki, yolsuzludan əziyyət çəkirik. Maşın sürmək bir kənara qalsın, heç piyada yerimək də mümkün deyil”.

Belediyye.net Meydan TV-yə istinad edərək yazır ki, bunu Şirvanın Çılpaqlı qəsəbəsinin sakinləri deyir:

“Son bir neçə ildə yolumuzu buldozerlə guya təmir ediblər. Ancaq olan-qalan yolu daha da pis günə qoyublar. Qışda sizə qədər qalxan palçıqdan, yay günlərində tozlu havada qəsəbənin yollarında yürümək mümkün deyil. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, dəfələrlə çəkiliş çağırmışıq, çəkiblər, işıqlandırıblar, rəsmi qurumlardan da gəlib söz veriblər ki, şikayətiniz diqqətimizdədir, problemlər həllini tapacaq, ancaq hər şey yerində qalıb, heç bir dəyişiklik yoxdur”.

Daş-çınqılla iş düzəlmir

Sakinlər yolların bəzi hissələrinə öz hesablarına daş-çınqıl alıb tökdüklərini, lakin bunun da problemin həllində yetərsiz olduğunu bildirirlər:

“Bu məsələyə yuxarı səviyyədə yanaşılmalıdır. Bizim düzəltdiyimiz yol necə olacaq ki… Bu qədər pullar ayrılır, yarısını yeyəndə, heç olmasa yarısını xalqa xərcləsinlər”.

Sakinlərin deməsinə görə, əsasən qış aylarında taksilər də gedişhaqqını bir neçə dəfə bahalaşdırır:

“Sürücüləri də qınamalı deyil, neyləsinlər? Bu yollara maşın davam gətirmir. İki dəfə qəsəbəyə gələn maşın o qədər çala-çuxura düşür ki, birbaşa təmirə gedir. İnsanlar da evlərinə çatmaq üçün azı 10-12 manat vermək məcburiyyətində qalırlar. İmkanı olmayanlar da ayaqlarına uzunboğaz çəkmə geyinib bu palçığın içərisiylə piyada gedib-gəlməli olur”.

Sakinləri narahat edən bu yollarda ən böyük əziyyəti məktəblilərin çəkməsidir.

“Təcili yardım gəlmir”

Sakinlər deyir, qəsəbənin yollarına görə təcili yardım da bura gəlmək istəmir:

“2-3 ay əvvəl möhkəm yağış yağırdı, xəstə anamın vəziyyəti ağırlaşmışdı, təcili yardıma zəng vurduq, dedi, vallah, gələ bilmirəm, ancaq palçıqda batıb qalaram, özünüz bir yolunu tapın, xəstəxanaya çatdırın”.

Problem bununla bitmir, sakinlər qəsəbəyə marşrut xəttinin açılmasını, telefon, internet xəttinin çəkilməsini də tələb edirlər.

Şirvan Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bələdiyyə həmin qəsəbədə daxili yollarda mərhələli qaydada təmir işləriylə məşğul olur. Qəsəbənin telefon və internet probleminin həlli ilə bağlı aidiyyəti üzrə qurumun əməkdaşları qəsəbədə olaraq sakinlərlə görüşüb və yaxın vaxtlarda problemin həll ediləcəyini bildiriblər. Qəsəbənin yaxınlığından iki marşrut xətti keçdiyinə görə qəsəbəyə əlavə marşrut xəttinin açılmasına isə ehtiyac görülmür.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.