Yerli özünüidarəetmənin mövcud vəziyyəti: ARAŞDIRMA

  • 21 aprel, 17:43
  • 0000, 00:00

Yerli özünüidarəetmənin mövcud vəziyyəti: ARAŞDIRMA

Azərbaycan cəmiyyətində yerli özünüidarə sisteminin mövcud vəziyyətinə münasibəti ifadə edən  müxtəlif yanaşmalar var. Qərar qəbuletmə səlahiyyətinə malik rəsmi qurumlar yerli özünüidarə sahəsində bir sıra problemlərin mövcudluğunu etiraf etməklə yanaşı, bələdiyyə sisteminin inkişafda olduğunu bildirirlər.

Lakin bir sıra müstəqil ekspertlər və vətəndaş cəmiyyəti institutları hesab edirlər ki, yerli özünüidarə sahəsində əhəmiyyətli tərəqqi əldə olunmayıb və ciddi islahatlara ehtiyac var. 

Belediyye.netin araşdırmalarına görə yerli özünüidarə qurumları olan bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərmələrinə baxmayaraq hələ də yerli əhəmiyyətli problemləri həll etmək və əhaliyə keyfiyyətli ictimai xidmətlər təklif etmək imkanından məhrumdurlar. 

Bələdiyyələrin hazırkı durumunu şərtləndirən başlıca səbəb ondan ibarətdir ki, hökumət zəruri əksmərkəzləşmə islahatları aparmayıb və bələdiyyələrin fəaliyyətini nizama salan bir sıra qanunların və normativ artların qəbulu ilə kifayətlənib.

Mövcud qanunvericilik bazası isə yerli özünüidarəni səmərəli təşkil etmək və onu Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğunlaşdırmaq iqtidarında deyil. Bu səbəbdən də hazırda yerli özünüidarə sahəsində bir sıra mühüm problemlər qalmaqdadır. Ekspertlərin gəldiyi nəticəyə görə əsas problemlər aşağıdakılardır:

  • Yerli özünüidarə orqanlarının səlahiyyətləri məhduddur və bələdiyyələr Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının tələb etdiyi kimi tam və müstəsna səlahiyyətlərə malik deyillər.
  • Yerli idarəetmədə paralellik mövcuddur. Yerli idarəetmə həm yerli icra hakimiyyətləri, həm də bələdiyyələr tərəfindən həyata keçirilir. Bu qurumlar arasında səlahiyyətlərin dəqiq bölgüsü aparılmayıb. Bu isə səlahiyyətlərin toqquşmasına və yerli icra hakimiyyətləri tərəfindən bələdiyyələrin fəaliyyətinə əsassız müdaxilələrə səbəb olur;
  • Bələdiyyələrin maliyyə potensialı zəifdir. Bələdiyyələr dayanıqlı maliyyə mənbələrinə malik deyillər. 2009-cu ildə bütün ölkə üzrə bələdiyyələrin illik gəlirlərinin adambaşına düşən həcmi 3 manat olub. Bələdiyyələr onlar üçün nəzərdə tutulmuş gəlir mənbələrindən tam istifadə edə bilmirlər. Çünki həmin mənbələrin bir çoxu bələdiyyələrin böyük əksəriyyətində yoxdur və vergitutma mexanizmləri təkmil deyil. Bələdiyyələrə dövlət tərəfindən verilən transfertlərin həcmi cüzidir. 2009-cu ilin dövlət büdcəsində bütün ölkə üzrə bələdiyyələrə cəmi 3,4 milyon manat əvəzsiz maliyyə yardımı ayrılıb. İndiyə qədər bələdiyyələrə məqsədli transfertlər  verilməyib.
  • Bələdiyyələr indiyədək inzibati binalar da daxil olmaqla ya bilavasitə əmlaklarını, ya da öz əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri ala bilməyiblər. Azərbaycanda bələdiyyə institutunun yaradılmasından xeyli vaxt  keçməsinə baxmayaraq hələ də əksər bələdiyyənin inzibati binası yoxdur. Kənd bələdiyyələrinin böyük qisminin mərkəzi aparatı müvəqqəti olaraq həmin kəndə yerləşən icra nümayəndəliyinin binasında bir neçə otaqa yerləşib.
  • Bələdiyyələrin kadr potensialı zəifdir. Bələdiyyələrin yerli əhəmiyyətli məsələlər üzrə effektiv və çevik qərarların qəbulu və icrasını təmin edə biləcək hazırlıqlı kadrları azdır. Bunun başlıca səbəbi bələdiyyə kadrlarının hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sisteminin olmamasıdır.
  • Bələdiyyə birliklərinin fəaliyyəti zəifdir. Bələdiyyələrin 3 milli assosiasiyasının (şəhər, kənd, qəsəbə) yaradılmasına baxmayaraq onlar bələdiyyələrin maraqlarının müdafiəsi, yerli özünüidarə ilə bağlı təkmil konsepsiya və strategiyaların irəli sürülməsi sahəsində nəzərəçarpacaq fəaliyyət göstərmirlər;
  • Azərbaycanda bələdiyyələrin fəaliyyəti üzərində nəzarətin müxtəlif formaları tətbiq olunur. Lakin həmin formaların təhlili onu deməyə əsas verir ki, hələ bu formaları bələdiyyə qurumlarının fəaliyyətinin səmərəli təşkili baxımından təkmil hesab etmək olmaz. İstər bələdiyyədaxili nəzarətin, istərsə də ictimai nəzarətin təşkli sahəsində ciddi problemlər mövcuddur. Dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətə gəlincə isə bu sahədə də problemlər var. Problemin əsasında bələdiyyələrin fəaliyyətinə dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətin sərtləşdirilməsi və bir qədər də mürəkkəbləşdirilməsi tendensiyası durur. Bələdiyyələrin parlament qarşısında hesabatlılğını nəzərdə tutan konstitusiya dəyişikliyi bu tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
  • Bakı və Gəncə kimi böyük şəhərlərdə vahid bələdiyyənin olmaması yerli özünüidarənin səmərəliliyini aşağı salır. Xüsusilə Bakının paytaxt statusunun tanınmaması və ona özünüidarə hüququnun verilməməsi şəhər idarəçiliyində çoxsaylı problemlərə gətirib çıxarır.
  • Azərbacanda bələdiyyə seçkilərinə marağın azlığı və seçici fəallığının aşağı olması müşahidə olunur. Ardıcıl olaraq hakim Yeni Azərbaycan Partiyası bütün ölkə bələdiyyələrinə seçkilərdə qalib gələn yeganə partiya olur. Təkpartiyalılığın yeri demokratiyanın və bələdiyyə sisteminin gələcək inkişafına mənfi təsiri var və kəskin fərqin aradan qaldırılması təmin edilməlidir.  

 

Bələdiyyələrin səlahiyyətləri ilə bağlı araşdırmaların nəticələrinə görə

 

  • Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir;
  • Bələdiyyələrlə yerli dövlət hakimiyyəti orqanları arasında dəqiq səlahiyyət bölgüsü aparılmalıdır.

 

  • Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi ilə bağlı araşdırmaların nəticələrinə görə

 

  • Bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməlidir;
  • Bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri təkmilləşdirilməlidir;
  • Bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə müvafiq vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiq edilməlidir;
  • Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transfertlərlə yanaşı məqsədli transfertlərin də verilməsi təmin edilməli və transfertlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır;
  • Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.