İQTİSADÇI: Əslində bələdiyyələrin mövcud duruma düşməsinin səbəbi obyektivdir

  • 4 may, 11:57
  • 0000, 00:00

İQTİSADÇI: Əslində bələdiyyələrin mövcud duruma düşməsinin səbəbi obyektivdir

Böyük neft pullarının ölkəyə gəlməsi fonunda 2000-ci illərin ortalarından başlayaraq mərkəzi hakimiyyətin hədsiz mərkəzləşdirmə siyasəti bələdiyyələr haqqında lazımsız qurum imici formalaşdırıb.

Bu sözləri Belediyye.netin əməkdaşı ilə söhbətində iqtisadçı, bələdiyyə məslələri üzrə mütəxəsis Samir Əliyev deyib.

Yerli özünüidarədə yeniliklərdən söhbət gedir, gözlənilirmi?

2021-ci ilin dekabr ayında ölkə Prezidenti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzaladı. Bu Sərəncamın ardınca Təhsil Nazirliyinin rayon idarələrinin regional idarələrlə əvəzlənməsini nəzərdə tutan növbəti Sərəncam imzalandı. Hər iki sənədin qəbulu ölkədə regional idarəetməyə keçid və yerli icra hakimiyyətlərinin ləğvi məsələsini aktuallaşdırdı.

Əgər gözləntilər özünü doğruldarsa, hökumət ilk növbədə konstitusiya islahatlarına getməli olacaq. Konstitusiya islahatları isə ümumxalq referendumunun keçirilməsini tələb edir. Qarabağ iqtisadi rayonu ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə yaradılmış 14 iqtisadi rayondan biridir. Bu iqtisadi rayona daxil olan 9 inzibati rayonun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) 4-ü (Xankəndi şəhəri, Xocalı, Xocavənd, Şuşa) 2020-ci ilin sentyabrına qədər tam, 3-ü (Ağdam, Füzuli, Tərtər) qismən işğal altında olub. Sonrakı aylarda işğal olunmuş ərazilərin əksər hissəsi azad olunub və Prezident tərəfindən təyin edilən xüsusi nümayəndə Şuşa istisna olmaqla bəzi inzibati rayonların (Ağdam, Füzuli, Xocavənd və Tərtər) işğaldan azad edilmiş ərazilərinə məsul olub. Məlumat üçün bildirək ki, Ağdam, Füzuli və Tərtər rayonlarında paralel olaraq icra hakimiyyəti strukturu mövcuddur. Bu, o deməkdir ki, bir inzibati rayonda dövlətin iki icra hakimiyyəti strukturu fəaliyyət göstərir.

Əgər hökumətin, cəmiyyətin ehtimal etdiyi kimi, həqiqətən regional idarəetməyə keçmək planı varsa, bu halda ortaya vacib bir sual çıxır. Rayon və şəhər icra hakimiyyətləri strukturunun funksiyaları kimə həvalə olunacaq?

Axı bu strukturlar inzibati ərazilərin bütün səviyyələrində – rayon (şəhər), qəsəbə, kənd yerlərində dövlət hakimiyyəti orqanlarını təmsil edirlər. Hətta şəhər yerlərində əhalinin sayı 20 min nəfər və daha çox olan ərazilərdə sahə inzibati ərazi dairəsi institutları da fəaliyyət göstərir. Belə çoxpilləli yerli dövlət idarəetməsinin öhdəsindən regional statusda olan xüsusi nümayəndəlik gələ biləcəkmi? Bu suallara cavab axtararkən istər-istəməz diqqət yerli özünüidarə qurumları olan bələdiyyələrə yönəlir. Diqqətin niyə bələdiyyələrə yönəldiyini əsaslandırmaq üçün dünya təcrübəsinə baxmaq və Azərbaycanın qoşulduğu Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının tələblərini nəzərdən keçirtmək kifayət edir. Xartiyanın 4.3-cü bəndində deyilir ki, dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Xartiyada vətəndaşlara daha yaxın olan hakimiyyət orqanları qismində yerli hakimiyyət qurumu olan bələdiyyələr nəzərdə tutulur. Çünki hesab edilir ki, mərkəzi hakimiyyət orqanlarından fərqli olaraq yerli problemləri məhz bələdiyyələr dərindən bilirlər.

Bəs, Azərbaycanda bələdiyyələr icra hakimiyyəti strukturlarının funksiyasını tam və ya qismən üzərlərinə götürə bilərlərmi?

Təbii ki, dövlət rəsmilərinin müxtəlif zamanlarda verdikləri açıqlamalarda bu sualın cavabı mənfi olub. Onların əsaslandırmasına görə, peşəkar kadrların çatışmazlığının müşahidə olunduğu, idarəetmə bacarığının aşağı və maliyyə potensialının zəif olduğu yerli özünüidarə qurumlarına belə bir məsuliyyəti həvalə etmək problemlər yarada bilər. Üstəgəl cəmiyyətin müxtəlif qrupları tərəfindən dövri olaraq bələdiyyələrin lazımsız qurum olması, onların ləğvinin vacibliyi fikri səslənir. Əslində isə bələdiyyələrin mövcud duruma düşməsinin səbəbi obyektivdir. Böyük neft pullarının ölkəyə gəlməsi fonunda 2000-ci illərin ortalarından başlayaraq mərkəzi hakimiyyətin hədsiz mərkəzləşdirmə siyasəti bələdiyyələr haqqında lazımsız qurum imici formalaşdırıb. Bu illər ərzində bələdiyyələrin səlahiyyətləri məhdudlaşdırılıb, maliyyə potensialı zəiflədilib, yerli icra hakimiyyəti strukturlarından asılı vəziyyətə salınıb. Ancaq bələdiyyələrin mövcud durumu onları prosesdən kənarlaşdırıb, fərqli bir strukturun yaradılması təşəbbüsünə yol açmamalıdır.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.