ŞİKAYƏT: Qəsəbəyə biganə münasibətin olduğu müşahidə olunur

  • 9 may, 15:56
  • 0000, 00:00

ŞİKAYƏT: Qəsəbəyə biganə münasibətin olduğu müşahidə olunur

Neftçalanın ən böyük yaşayış məntəqələrindən biri olan Xıllı qəsəbəsindən şikayət var.

Belediyye.netin məlumatına görə, Neftçala rayon Aşağı Xıllı qəsəbəsinə aid olan yaşayış məntəqəsi baxımsız vəziyyətdədir.

İllər öncə ərazidə salınan meşə zolağı məhv edilib. Ağacların qırılıb daşınmasına göz yumulub. Qalan az sayda ağac isə susuzluqdan yanıb, qoca ağaclar quruyub, əvəzinə yeniləri də əkilməyib.

Kəndin su problemi də, var. “Su üzünə həsrət qalıblar”, ifadəsi indiki dövrdə qəribə səslənsə də, bəzi hallarda qəsəbənin daha kasıb təbəqəsinin su almağa imkanı da olmur.

Ümumiyyətlə qəsəbəyə biganə münasibətin olduğu müşahidə olunur. Yeni məktəb binası tikilsə də, köhnəsi sökülməyib, xaraba kimi qalıb.

Son dövrlərdə Kürsahili ərazilərdə zibillik mövzusu aktualdır. Aşağı Xıllıda da, bu aktuallıq özünü qoruyur.

Ən mühim problemlərdən biri isə yolsuzluqdur. Xıllıya aid olan bu yaşayış məntəqəsində olan yollara yol demək mümkün deyil.

Sakinlər, “Çala-çökəkdən, dağılmış asfaltların orasına-burasına vurulan yamaqlardan yol olmaz”, deyirlər.

Fotolardan da yaxşı görünür ki, yağışlı günlərdə bu problem daha da dərinləşir.

Palçığa batmamaq üçün yolboyu kərpiclər düzülüb. Hətta bəzi yerlərdə yollara bütövlükdə kərpiclər düzülüb. Bu vəziyyət necə deyərlər, yolu yolluqdan çıxarıb.

Sakinlər aidiyyatı qurumların məsələ ilə bağlı narahatlıq keçirmədiklərini deyirlər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.