Yerli özünüidarəetmənin maliyyə əsasları

  • 19 may, 12:04
  • 0000, 00:00

Yerli özünüidarəetmənin maliyyə əsasları

Əksmərkəzləşmənin əhəmiyyəti


Yerli özünüidarəetmə hər zaman mühüm əhəmiyyət kəsb etmişdir. Post modern dünyada bu orqanların aktuallığı daha da
artmışdır. Hətta post-kommunist ölkələrdə yerli demokratiya islahatlarının əsas istiqamətini də məhz əksmərkəzləşmənin
inkişaf etdirilməsi təşkil etmişdir. İlk baxışdan icmalar üçün təbii hesab olunan, eləcə də dövlət idarəçiliyini asanlaşdıran
yerli özünüidarəetmə tədqiqatçılara görə üç mühüm vəzifəni yerinə yetirir.


1. Liberallıq (sərbəstlik)


Yerli özünüidarəetmənin mövcudluğu həddən artıq mərkəzləşmənin qarşısını alır və müxtəlif səviyyəli idarəetmə
strukturlarında sərbəst qərarların alınmasına imkan yaradır. Buchanan qeyd edir ki, hətta mərkəzi və yerli özünüidarə arasında hakimiyyət bölgüsü effektiv olmasaydı belə, mərkəzi hakimiyyətin icraatlarına nəzarət etmək üçün onun müəyyən səlahiyyətlərinin yerli özünüidarəetmə orqanlarına ötürülməsi yenə də öz əhəmiyyətini qoruyardı.


2. İştirakçılıq (demokratiya)


Yerli özünüidarəetmə əhalinin idarəetmədə işitirakını təmin edir. Vətəndaşlar yerli əhəmiyyətli ictimai xidmətlərin seçimi, kəmiyyət və keyfiyyəti üzərində müəyyən söz sahibi olur. İştirakçılıq vətəndaşların idarəetmədə marağını artırır və onları bilavasitə ərazidə gedən proseslərə nəzarət imkanını artırır. Digər tərəfdən iştirakçılıq yerli hökumətin hesabatlılığını da təmin edir. 

3. Səmərəlilik

Yerli özünüidarəetmə orqanları ictimai xidmətləri müxtəlif ərazilərdə yaşayan əhalinin maraq, tələb və ehtiyaclarına uyğun yerinə yetirirlər. Həlli zəruri olan xidmətlər prioritetləşdirilərkən vətəndaşların rəyi də nəzərə alınır. Bu da öz növbəsində ictimai vəsaitlərin şəffaf xərclənməsinə gətirib çıxarır. Yerli özünüidarəetmə orqanlarının səmərəliliyini və effektivliyini aşağıdakı arqumentlə açıqlamaq mümkündür.

- əksmərkəzləşmiş idarəetmə sistemində qərar verənlər bu qərarların nəticəsinə daha yaxındırlar. Bu isə alınan qərarların hansı nəticələr doğuracağı haqqında əvvəlcədən proqnozlar verməyə əsas verir. Qərarlara yaxınlıq öz növbəsində resursların effektiv bölgüsünə də təsir edir.

- yerli özünüidarəetmə orqanlarının siyasəti yerli əhalinin tələbatı ilə uzlaşdırılır. Yerli problemlərə müxtəlif yanaşmalar göstərməyə imkan verir.

- müxtəlif yerli özünüidarəetmə orqanlarının həyata keçirdiyi innovativ layihələr və yeni fəaliyyətlər, yerli əhəmiyyətli problemlərin həllinə fərqli yanaşma metodları ətraf yerli özünüidarəetmə orqanları üçün yaxşı nümunə təşkil edir. Məhz bu səbəblərdən yerli özünüidarəetmə orqanları aralarında müxtəlif fərqlər olmağına baxmayaraq bütün Avropa ölkələri üçün çox xarakterik qurumlardır. Bu orqanların əhəmiyyəti Avropa İttifaqının Maastrixt Anlaşmasında subsidiarlıq prinsipinin qəbul edilməsi və eləcə də Yeli Özünü İdarəetmə Haqqında Avropa Xartiyasının qəbul edilməsi ilə daha da artmışdır. Subsidiarlıq prinsipi ictimai xidmətlərin bir qayda olaraq əhaliyə ən yaxın qurumlar tərəfindən həyata keçirilməsini tələb edir.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.