Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi

  • 9 iyun, 15:11
  • 0000, 00:00

Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi

Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi məsələləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi,  mühafizəsi və başqa şərtlər nəzərdə tutulur. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.


Torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə bələdiyyənin qərarı torpağın ayrılma məqsədinə, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.      


Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası  Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydalarını müəyyən edir.


Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:
- yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
-kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.


Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-8.0.4-cü maddələri ilə  müəyyən edilmişdir. Bu norma fərdi yaşayış evinin tikintisi üçün  şəhərdə 0,07 hektaradək, rayon mərkəzlərində 0,08 hektaradək, qəsəbə və kəndlərdə 0,12 hektaradək, fərdi bağ evlərinin tikintisi üçün  0,12 hektaradək, kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan 500 mislinədək; yararsız torpaqlardan  600 mislinədək, sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdədir.


Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə  “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla  fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılır.


“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.  Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Bununla bərabər bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilir və müqavilə ilə rəsmiləşdirilir. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir.


Torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 mislindən az ola bilməz. Torpaq sahəsinin  bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən  Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rayon (şəhər) idarələrinə sorğu göndərilir. Həmin sorğuya cavab olaraq notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyələrə 3 gün müddətində verilir.  

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.