Necə deyərlər, "Su gələn arxdan su əvəzinə zibil axır": REPORTAJ

  • 16 iyun, 14:15
  • 0000, 00:00

Necə deyərlər, "Su gələn arxdan su əvəzinə zibil axır": REPORTAJ

Hətta ağacları suvarmaq üçün çəkilən su arxlarının içərisi belə məişət tullantıları ilə doldurulub. Necə deyərlər, "Su gələn arxdan su əvəzinə zibil axır".

Neftçala rayon Ballıcallı kəndinin özünəməxsus problemləri var.

Salyan düzündə yerləşən Ballıcallı Neftçala rayonunun Boyat inzibati ərazi vahidində kənddir.

Bu yaşayış məntəqəsi XIX əsrdə İorsulu kəndindən çıxmış ailələrin Ballıcallı adlı ərazidə məskunlaşması nəticəsində yaranıb. Ərazinin adı isə burada ballıca otunun bitməsi ilə bağlıdır.

Belediyye.netin məlumatına görə kəndin sakinləri heyvandarlıq və əkinçiliklə, xüsusən taxılçılıqla məşğul olurlar. Kəndin yolları çox bərbad vəziyyətdədir. Magistral yolun bir hissəsi təmir olunsa da, əsas yola çıxan ara yollar dağılıb. Təmir işlərini aparanlar magistral yolun təmir olunan hissələrində bəzi yerlərdə yalnız çala-çökəklərin doldurmaq ilə kifayətləniblər.

"Qışda ki yağıntılar başlayır, yollarımızda palçıqdan tərpənmək mümkün olmur. Bu səbəbdən çox əziyyət çəkirik", -Ballıcallı sakini bildirir.

Sakinlərin ən böyük qorxusu suyun kəsilməsi, yenidən şorlaşmasıdır.

"Qışda quraqlıq, yayda susuzluq təsərrüfatımıza yetərincə ziyan vurur. Suyun yenidən kəsilməsinə hazır deyilik. Bu baş verərəsə biz bir daha toparlana bilmərik", -təsərrüfatına susuzluqdan ziyan dəyən kənd sakini deyir.

Ballıcalı kəndinəki vəziyyətlə yerində tanış olmaq üçün səfər edən əməkdaşımızın sözlərinə görə, kəndin hər addımlığında zibil qalaqları var. Hər evin qarşısı, hər yolun kənarı məişət tullantıları ilə doludur. İlk baxışdan bu qənaətə gəlirsən ki, bu kənddə zibillik problem deyil, zibilliyin içində yaşamaq həyat tərzinə çevrilib. Hətta ağacları suvarmaq üçün çəkilən su arxlarının içərisi belə məişət tullantıları ilə doldurulub. Necə deyərlər, "Su gələn arxdan su əvəzinə zibil axır".

Əməkdaşımız Ballıcallı kəndində zibilləri məhv etmək üçün cəmi bir dənə qazılmış quyu görüb ki, dediyinə görə artıq onun da istifadə müddəti çoxdan bitib. Çoxdan yandırılıb məhv edilməsi vacib olan zibil quyusu dolub-daşır.

Bir kəndə ilk səfər edən kəsin kəndin mədəni səviyyəsinə qiymət verməsi üçün onun təmizliyini müşahidə etməsi vacibdir. Ballıcallı kəndinə "təmizlik" arzu edirik. Özləri ətrafı çirkləndirməməklə yanaşı ən azı aidiyyatı qurumlara müraciət edərək zibillik problemlərinin həll edilməsi üçün təşəbbüs göstərə bilərlər...

Verilən sorğulara cavab verməyən, qaldırılan problemlin həlli istiqamətində real işlər görməyən aidiyyatı qurumlar və səlahiyyətli şəxslər isə insanlarda yaranmış, "Onsuz da hara müraciət etsək baxan yoxdur", - fikri ətrafında yaranmış mifi məhv etmək üçün nəhayət hərəkətə keçməlidirlər.

Ballıcallı sakinlərinin hər an gözlədikləri, ani baş verəcək quraqlıq sayəsində yaranacaq susuzluq qorxusu aradan qaldırılmalı, nəhayət dövlət tərəfindən Kürün duzlaşmasının qarşısının alınması üçün ciddi addımlar atılmalı, heç bir zaman daşınmayan məişət tullabtılarına bir çarə qılınmalı, xüsusən də yolsuzluq problemi aradan qaldırılmalıdır - Neftçalaya dövlət büdcəsindən infrastruktur və yol çəkilməsi üçün 3.9 milyon manat ayrılmışkən.


Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.