Yolsuz və susuz qalan Sabunçu sakinləri: Aidiyyatı qurumlar vədlərinə əməl edəcəklərmi?

  • 22 iyun, 13:41
  • 0000, 00:00

Yolsuz və susuz qalan Sabunçu sakinləri: Aidiyyatı qurumlar vədlərinə əməl edəcəklərmi?

Sabunçu rayon sakinləri keçmiş Xanlar, indiki Hüseynqulu Sarabski küçəsinin vəziyyətindən narahatdırlar.

Belediyye.net RealTV-yə istinadən xəbər verir ki, həmçinin sakinlər içməli su sarıdan da əziyyət çəkirlər.

“Bizim küçəyə suyu verirlər iki gündən bir, qışda verirlər saat yarım, yayda isə iki saat. Evdə iki ailə yaşayırıq, uşaqlı evik, biz suyu çatdıra bilmirik. İşdən gəlirik, əlimizi yumağa su tapmırıq”, – sakinlərdən biri şikayətini bildirib.

Sakinlər bildirir ki, sözügedən küçəyə kanalizasiya xəttini özləri çəkib. Buraya həmçinin sakinlər tərəfindən 10 il öncə müəyyən miqdarda pul yığılaraq içməli su xəttidə çəkilib. Daha sonralar həmin xəttə əlavə xəttlərdə qoşulub ki, nəticədə indiki problem yaranıb.

Burada məhəllədaxili yollar da təmirsiz və pis vəziyyətdədir.

“Məhəllənin sağına da, soluna da asfalt çəkilib, yalnız bu küçədən başqa”, – deyə vətəndaşlar qeyd ediblər.

Məsələ ilə bağlı Sabunçu bələdiyyəsi bildirib ki, rayon ərazisində belə yollar çoxdur və mütəmadi olaraq həmin yollar bələdiyyənin daxili planına salınır, təmiri həyata keçirilir. Eyni zamanda bildirilib ki, sözügedən küçədə tezliklə asfaltın çəkilməyi nəzərdə tutulub.

Küçənin içməli su problemi ilə bağlı “Azərsu” ASC bildirib ki, ərazi təsdiq olunmuş qrafik əsasında içməli su ilə təmin olunur. Həmçinin orada mərkəzləşmiş kanalizasiya şəbəkəsinin yaradılmadığını, fərdi qaydada vətəndaşlar tərəfindən qurulmuş xətlərdən istifadə olunduğu bildirilib.  İdarənin mətbuat katibi Anar Cəbrayıllı onu da əlavə edib ki, Abşeron yarımadasının baş planında mərkəzləşmiş şəbəkənin yaradılması nəzərdə tutulub.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.