ŞİKAYƏT: Sumqayıt bələdiyyəsi yerli yollara niyə baxmır?

  • 27 iyun, 14:20
  • 0000, 00:00

ŞİKAYƏT: Sumqayıt bələdiyyəsi yerli yollara niyə baxmır?

Sumqayıt bələdiyyəsinin balansında olan bu torpaqlar vaxtilə Coratın üzüm bağları kimi məhşur olsa da, sonradan bələdiyyə sənədi ilə sakinlərə satılıb. Buna baxmayaraq bələdiyyə torpaq satdığı adamların problemləri ilə maraqlanmır.


Üzüm bağlarının yerində böyük bir məhəllə(21-ci məhəllə), ondan o tərəfə, üzü Novxanıya doğru hissəsində isə yaşayış massivi salınıb. Belediyye.netin məlumatına görə, bu ərazinin ciddi yol problemi var.

Şikayət edən sakinlər, “10 ildən çoxdur Corat bağ massivi salınıb, lakin məhəlli yollar bir dəfə də nə dövlət, nə də bələdiyyə tərəfindən təmir olunmayıb. Magistral yol çəkilsə də, bələdiyyənin səlahiyyəti daxilində olan ara yollara baxan yoxdur. İldə bir dəfə öz hesabımıza yollara çınqıl tökürük, ancaq faydası yoxdur. Yayda toz-torpaqdan, qışda zığ-palçıqdan tərpənə bilmirik. Yağıntılı günlərdə avtobus dayanacağına gəlib çıxınca ayağımız palçıq olur. Ayaqqabılarımızı daş-kəsək dağıdır. Kasıb adamlarıq, yolsuzluq canımızı boğazımıza yığıb, üstəlik belə anormal vəziyyət bu formada ziyan vurur, -deyirlər.


Göygöl küçəsində Dəmir yolundan Murad marketin qarşısına, oradan da dənizə düşən yol ilə Xəzərin sahilində yerləşən Liman istirahət mərkəzinə qədər kiçik bir səyahət etdik. Gördüyümüz mənzərə çox acınacaqlı idi. Yol o qədər narahat idi ki, ayağımzda altı qalın idman ayaqqabısı olmağına baxmayaraq ayaqlarımızın altı ağrıdı. Daşlı, çınqıllı yolla hərəkət etmək mümkün deyildi. Hər addımda dikələn daşlar insanı büdrəyib yıxılmağa məcbur edir. 


Avtomobillərin də hərəkət etdiyi bu yolda sürücülərin necə çətinlik çəkdiyini təsəvvür etmək çətin deyil. 


Vəziyyətdən şikayət edən sakin, “Qohumlarımız, dostlarımız bu yollara görə bizə qonaq gəlmək istəmirlər. “Belə yolda maşın sürməzlər, niyə bələdiyyəniz bu yolları təmir etmir deyirlər"", -deyir.


Elektrik qatarı yolunun yanından başlayan bu yolla üzüaşağı addımladıq. 3 km-dən çox uzunluğu olan yolun çox hissəsi bu vəziyyətdədir. Dəniz sahilinə doğru isə bir neçə yüz metr yola asfalt örtüyü döşənib. Bu “təmirli” (Varlılar məhəlləsi deyilən ərazinin yolu) yolun isə özünəməxsus problemi var. Yolun kənarları məişət tullantıları ilə çirləndirilib. Hətta bəzi yerlərdə zibillər ətrafa yayılaraq daha çirkin görüntü yaradıb. 


Sumqayıtdan Novxanı istiqamətində hərəkət edən magistral yolun kənarında qoyulan zibil konteyneri ətrafa üfunət saçır. Vaxtlı-vaxtında daşınmayan zibillər iylənərək yanından keçməyi mümkünsüz edir. Yüz metr qabaqda partlamış su borusundan şırhaşır axan su düz zibil konteynerinin altından keçərək ətrafda göllənir. İçməli su borusuna nəzarətin olmaması, məişət tullantılarının vaxtlı-vaxtında daşınmaması, məhəllələr arası yolların bərbad vəziyyətdə olması Sumqayıt bələdiyyəsinin “fəaliyyətindən” xəbər verir.


Sakinlər Sumqayıt bələdiyyəsindən Corat Bağ Massivinin yol probleminin həll olunmasını, antisanitar vəziyyət yaradan məişət tullantılarının vaxtlı-vaxtında daşınmasını istəyirlər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.