Ekspert: Hələlik ölkədə bələdiyyə institutunun inkişafına maraq görünmür

  • 29 noyabr 2021, 09:17
  • 0000, 00:00

Ekspert: Hələlik ölkədə bələdiyyə institutunun inkişafına maraq görünmür

“Məsələ əslində kifayət qədər ciddidir. Qanunvericilikdə dəyişiklik edilib, bələdiyyələrə verilən vergilərdən biri ondan alınıb.”

Bu sözləri iqtisadçı ekspert Azər Mehtiyev ötən həftə Milli Məclisdə payız sessiyasının növbəti plenar iclası zamanı aparılan büdcə müzakirələrini şərh edərkən deyib.

İclasın gündəliyinə daxil edilən 21 məsələdən biri “Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliyin müzakirəsinə və qanuna edilən dəyişikliyə diqqət çəkən Belediyye.netin əməkdaşı ekspertə məsələ ilə bağlı suallar ünvanlayıb.

Azər Mehtiyev bildirib ki, “Məsələ əslində kifayət qədər ciddidir. Qanunvericilikdə dəyişiklik edilib, bələdiyyələrə verilən vergilərdən biri ondan alınıb.”.

Bələdiyyələrin büdcə problemlərinin olduğunu bildirən ekspert, “Onsuz da bələdiyyənin maliyyə imkanları son dərəcə məhdud idi, indi bu imkanlardan biri də onun əlindən alınır.”, -deyib.

Azər Mehtiyev mədən vergisini toplamaq səlahiyyəti əlindən alınan bələdiyyələrin vergi toplayan zaman üzləşdikləri çətinliklərdən danışıb.

"Deyirlər ki, bələdiyyələr onu toplaya bilmirlər. Elə əvvəlcədən bələdiyyələrə elə vergiləri toplamaq səlahiyyəti veriblər ki, toplanması çətindir. Çıxış yolu həmin vergini bələdiyyədən almaq deyil. Qoy İqtisadiyyat Nazirliyinin Vergilər Departamenti vergini toplasın, sonra versin bələdiyyələrə. Bu daha doğru yanaşma olardı.”, deyən ekspert fikrini belə əsaslandırıb.

 

Ekspert hesab edir ki, hələlik ölkədə bələdiyyə institutunun inkişafına maraq görünmür.

 

Xatırlatma

 

Ötən həftə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası baş tutub. İclasın gündəliyinə 21 məsələ daxil edilib. Bir sıra deputatlar “Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinə nəzərdə tutulan dəyişikliyə etiraz ediblər və qanun layihəsinin əlehinə səs veriblər.

Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun bu layihəsi ikinci oxunuşda qəbul edilib. Mədən vergisini toplamaq səlahiyyətləri bələdiyyələrdən alınıb. 


Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.