Qobuqırağı sakini: “20 ildən çoxdur ki, torpaqlarımıza sənəd ala bilmirik”

  • 23 sentyabr, 09:50
  • 0000, 00:00

Qobuqırağı sakini: “20 ildən çoxdur ki, torpaqlarımıza sənəd ala bilmirik”

“İllərdir ki, iki qurum arasında qalmışıq”

“Bir ölkə göstərin ki, o ölkədə vətəndaş 20-25 ildir dövlətin verdiyi torpağa mülkiyyət hüququ əldə etmək üçün qurumlar arasında qalsın… 25 ilə yaxındır torpaqlarımızı sənədləşdirə bilmirik. Torpağın sxem-xəritəsinə görə bələdiyyə məsələni Dövlət Reyestr Xidmətinin üstünə atır, gedirik ora, onlar da atır bələdiyyənin üstünə, qalmışıq ortada…”

Uzun illərdir Xaçmazdakı Qobuqırağı yaşayış massivində torpaq sahəsi olan Tərlan Tahirov hələ də torpağının sahibi deyil. O, istifadəsində olan torpaq sahəsinə mülkiyyət şəhadətnaməsi ala bilməməsinin səbəblərindən danışır.

Yüzlərlə vətəndaş sənəd ala bilmir

Tərlan Tahirov deyir, bu ərazidəki torpaq sahələri 1996-cı ildən vətəndaşlara icra hakimiyyətinin sərəncamlarıyla verilib. Ancaq hələ də torpaq üzərində mülkiyyətçi deyillər. Yüzlərlə vətəndaş torpağa sənəd əldə edə bilmir:

“Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində bizdən torpaqlarımızın sxematik xəritələrini istəyirlər. Deyirlər, bu xəritəni Xaçmaz Şəhər Bələdiyyəsi verməlidir. Ancaq bələdiyyə üzərindən atır. Xəritələrimiz verilmədiyi üçün Reyestr Xidməti torpaq sahələrinin mülkiyyət formasını tanımır. İki qurum arasında qalmışıq, dərdimizə çarə axtarırıq”.

Bu iş düyünə düşüb”

Azər Tahirov da illərdir ki, eyni problemlə qarşılaşıb. İstifadəsindəki 4 sot torpaq sahəsinə mülkiyyət şəhadətnaməsi ala bilmir:

“Qusarda, Qubada, Şabranda, Siyəzəndə bu sxematik xəritələri vətəndaşlara şəhər bələdiyyəsi verib. Bircə Xaçmazda bu iş düyünə düşüb. İllərdir ki, iki qurum arasında qalmışıq. Nəticədə torpaqlarımız üzərində hər hansı əməliyyatlar apara bilmirik, çünki həmin torpaqlara mülkiyyətçi hüququmuzu tanıdan sənədimiz yoxdur”.

Xaçmaz Şəhər Bələdiyyəsindən isə Meydan TV-yə bildirilib ki, barəsində danışılan torpaqlar bələdiyyə torpaqları deyil. Torpaqlar vətəndaşlara 1996-cı ildə Xaçmaz Şəhər İcra Hakimiyyətinin sərəncamıyla verilib. Bələdiyyələrsə 1999-cu ildə yaradılıb. Torpağın kimə məxsus olmağı, harda yerləşməsi barədə bələdiyyədə heç bir məlumat yoxdur.

Dövlət Reyestr Xidmətindənsə Xaçmazın Qobuqırağı ərazisindəki torpaqlarla bağlı qeyd olunan məsələylə əlaqədar vətəndaş müraciətlərinin daxil olmadığı bildirilib:

“Araşdırılmalıdır, sənədləri görmədən heç nə demək olmaz, rəsmi müraciət etsinlər”.

Hüquqşünas Namizəd Səfərov deyir, ümumiyyətlə, torpaqların sxem-xəritəsini nə bələdiyyələr, nə də icra hakimiyyətləri verir. Bu məsələ Dövlət Reyetr Xidmətinə aiddir:

“Bu, çox sadə bir prosesdir. Vətəndaş ərizəylə müraciət edir, qurumdan göndərilən mühəndis torpaq sahəsində ölçüləri götürür, sərhədlərini müəyyənləşdirir, xəritəni hazırlayır, vətəndaş rüsum ödəyərək o xəritəni alır və sənədləriylə birlikdə təqdim edir”.

Hüquqşünas bildirib ki, vətəndaşlar yaxınlıqlarındakı ASAN Xidmətə yaxınlaşıb, bu məsələlərlə məşğul olan bölmədən daha ətraflı məlumat ala bilərlər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.